Azərbaycanda qanunsuz ov edən əcnəbilər tutulub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları qanunsuz ovla bağlı reydlər keçirib. Nazirliyin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, oktyabr ayında keçirilən reydlər zamanı Ağgöl Milli Parkının ərazisində qanunsuz ovla məşğul olan 4 xarici ölkə vətəndaşı saxlanılaraq barələrində qanunamüvafiq tədbirlər görülüb. Oktyabrın 17-si Ağgöl Milli Parkının ərazisinə daxil olmaq istəyən, içərisində İraq Respublikası vətəndaşları Camal ƏhmƏd Salm və İmad Alabersan Hlailin olduğu “Niva” markalı avtomobil saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı müxtəlif ov vasitələri və tələ müəyyən olunaraq götürülüb. Oktyabrın 26-da isə Milli Parkın ərazisində keçirilən növbəti reyd zamanı isə içərisində 2 Suriya Ərəb Respublikası vətəndaşı - Camal Akil Mahfouz və Comaa Aljodeia Xatabın olduğu “Niva” markalı avtomobil saxlanılıb. Avtomobildən quş ovlamaq üçün lazım olan çoxlu sayda vasitələr aşkar edilərək götürülüb. Faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun akt və protokol tərtib edilərək qanunsuz ov alətləri müsadirə olunub və 4 nəfər əcnəbi qanun pozucusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, inzibati qaydada, hər biri 2000 manat olmaqla, ümumilikdə 8000 manat məbləğində cərimə olunub və həmin məbləğin ödənilməsi təmin edilib. Xatırladaq ki, 2014-cü ilin 9 ayı ərzində ETSN-nin əməkdaşları tərəfindən respublika ərazisində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 152 nəfər saxlanılıb, onlardan 148 ədəd ov tüfəngi və 543 ədəd patron götürülüb. Qanunu pozmuş şəxslər barəsində akt və protokol tərtib olunaraq ümumilikdə 138012 manat məbləğində cərimə və iddia tətbiq edilib.