Bakıda bal yarmarkası başa çatdı
"Bakıda bir ay davam edən sərgi-satış yarmarkasında 180 tondan çox bal və digər arıçılıq məhsulları satılıb".
Bunu APA TV-yə Kənd Təssərüfatı Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Murtuzəli Hacıyev bildirib. Onun sözlərinə görə, yarmarkaya gətirilən balın 90 faizi satılıb. Lakin yarmarkanın son 3 gününə kimi satıcılar tərəfindən məhsulların satılmaması barədə nazirliyə ardıcıl şikayətlər daxil olub: "Amma son iki gündə yarmarkada bir canlanma baş verdi. 15 gün ərzində satılan məhsul qədər son iki gündə məhsul satıldı. Arıçılar istəyirdi ki, gətirdikləri məhsulu tez satıb qurtarsınlar, geri qaytarılmasın. Son gün 1 kq balı alıcılar 7-10 manat arasında qiymətə ala bildilər".
Yarmarkada keyfiyyətsiz bal satmağa cəhd edən şəxslər də olub: "Biz bir sıra neqativ hallarla qarşılaşdıq. Onlar yarmarkaya yoxlanılıb möhürlənmiş ballardan əlavə bal gətirmək istədilər. Həmin şəxslərin kimliyi müəyyənləşib və onların gələcəkdə keçiriləcək yarmarkalara buraxılışına qadağa qoyulacaq".
Qeyd edək ki, ötən il arıçılıq yarmarkasında satışa 350 ton, bu il isə 200 ton bal çıxarılıb.