Poroşenko baş nazir postuna Yatsenyukun namizədliyini dəstəkləyəcək - AÇIQLAMA
“Mən Vladimir Qroysmanın baş nazir postuna namizəd irəli sürülməsi ilə bağlı çoxsaylı təklif aldım, lakin "Pyotr Poroşenko" bloku tərəfdarlarını ölkənin bütövlüyü naminə Arseniy Yatsenyukun namizədliyini dəstəkləməyə çağırıram”. Bu sözləri Ukrayna prezidenti Pyotr Poroşenko öz blokundan seçilən deputatlarla görüş zamanı deyib.
O həmçinin “Pyotr Poroşenko bloku”nu seçkilərin qalibi adlandırıb. Proporsional və majoritar sistemlər üzrə 132 mandat qazanan bloka müstəqil namizəd kimi seçkilərin qalibi olmuş daha 18 deputat qoşulub. Bununla da bloka üzv deputatların sayı 150-yə çatıb.
Görüş zamanı Poroşenko koalisiya razılaşmasının detallı şəkildə işlənməsinin vacibliyini vurğulayıb.
Daha əvvəl "Pyotr Poroşenko bloku" və Xalq Cəbhəsi koalisiya razılaşması üçün öz variantlarını irəli sürüblər və bütün demokratik partiyaların koalisiya hökumətində təmsilçiliyini istəyiblər. Batkivşina partiyasının lideri Yuliya Timoşenko da koalisiya danışıqlarında iştirak etmək istədiyini bildirib. Radikal Partiyanın rəhbəri Oleq Lyaşko da bu planı dəstəkləyib.