Mazutlu əllərin çap etdiyi ağ vərəqlər: kitablar necə hazırlanır?

"Rahatlıqla pul verib aldığımız, nəfis tərtibatlı kitabların yaranması heç də asan başa gəlmir. Ondan çox mərhələdən keçən kitabın hazırlanmasında elə onlarla da insanın əziyyəti var". 


Əsər nəşriyyata daxil olandan sonra kitabın montaj, tikiş, çap, qatlama, səhifələnmə, yığım, cildlənmə, marketinq, çatdırılma işləri həyata keçirilir. Bütün bunlarsa onlarla insanın zəhmətinin məhsuludur. APA TV bir neçə saat qonağı olduğunəşriyyatda bütün bunlarla əyani tanış olub.

 

"İşim çap işindən ibarətdir. Kitabın bir vərəqini çap etmişəm, indi o biri vərəqi çap edəcəyəm. Çıxarıb baxıram bunun səhifəsi düz gəlir, ya yox. Sonra kağızı yenidən buraxmalısan. İşimdən çox razıyam, maraqlı işdir".

 

Hər kəs öz işində diqqətli olmalıdır. Kiçik bir səhv xeyli oxucu qınağı, yüz səhifələrlə korlanmış kağız deməkdir.

 

"Vərəqlər mənə qatlanmış formada gəlir. Onları nömrə şəklində ardıcıllıqla düzürəm. Sonra say şəklində yığıram. Qalın cildlər tikişə, naziklər isə yapışqana gedir. Hər bir iş kənardan asan görünür. Amma biz bu işin içində çalışırıq deyə, doğma və çətindir. Kitabın əməliyyatları insan əli ilə, zəhməti ilə başa gəlir. Küçəni keçəndə insan öz-özünə fikirləşir ki, ola bilər ki, bu vərəqlər mənim əlimdən gəlib gedir. Mən kitabı tikirəm, qalın cild üçün. Bundan sonra qalın cildə gedir və olur hazır kitab. Mənə işim çox ləzzət edir. 9 ildir ki, bu işin içindəyəm".

 

Bu cihazlarla işləmək üçün illərin təcrübəsi və böyük sevgi lazıdır. Elə özləri də deyir ki, işə öz ürəklərini qoymasalar, məhsul istədikləri kimi alınmaz.

 

"Kitabı cırıb atan adam görəndə çox pis oluram. Onlar bilmirlər bu necə çətinliklə başa gəlir. Bax, bir dəfə bu xanımın barmağı bu cihazın arasında qalıb, orda oturan qadının isə ayağı qalıb şişmişdi. Çətindir".

 

"Uğultulu cihazların, mazutlu, həm də bacarıqlı əllərin sonda kağız parçasından ərsəyə gətirdiyi məhsul. Elə bir məhsul ki, onsuz bizim aydınlığa çıxmağımız mümkünsüzdür. Odur ki, gəlin kitabları qoruyaq".
 

Müəllif | Apa.Tv