Səbaildə betonqarışdıran maşın aşıb, beton qarışığı əraziyə yayılıb

Gecə saatlarında Səbail rayonu Bayıl qəsəbəsində beton qarışdıran maşın qəza törədib. APA TV-nin məlumatına görə, Sara Qədimova küçəsi ilə hərəkət edən yük maşının sürücüsü qəfil idarəetməni itirib. Bu zaman maşın yol kənarında dayanan “Hyundai” markalı avtomobillə toqquşub və daha sonra aşıb.

Aşan yük maşını dolu olduğu üçün qəzadan sonra beton qarışığı asfalta dağılıb. Daha sonra yük maşının yanacaq çənində alışma təhlükəsi yaranıb. Dərhal hadisə yerinə gələn Səbail Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanacağın dağıldığı ərazini yuyublar.

Qəza baş verən küçədə bir müddət yol bağlandığından ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Müəllif | Apa.Tv