Şabranda uşaq bağçasında reyd keçirilib
Şabranda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən bağçaların və uşaq evlərinin vəziyyətinə baxış keçirilib. APA TV-nin məlumatına görə, Şabran rayonun Ağalıq kəndində yerləşən körpələr evi, uşaq bağçasında aparılan araşdırmalar zamanı bir sıra nöqsanlar aşkarlanıb.
Standartın tələblərinə uyğun olaraq bağçada 10 günlük və ya 2 həftəlik menyu tərtib olunmalı olduğu halda onların heç biri olmayıb. Yeməklərin keyfiyyətinə nəzarət məqsədi ilə verilməsi nəzərdə tutulan yeməklərdən tibb işçisi nümunə götürmür. Yoxlama zamanı bağçanın mətbəxinin və sanitar qovşağının gigiyenik tələblərə cavab vermədiyi aşkar edilib. Körpələrin yemək rasionunun da qoyulmuş qaydalara cavab vermədiyi məlum olub.
Nazirlər Kabinetinin 103 saylı qərarına əsasən valideynlərin tanış olması üçün girişdə vurulmalı olan menyu da olmayıb. Aşkarlanan çatışmazlıqlar barədə akt tərtib olunub və bağça rəhbərinə nöqsanları aradan qaldırmaq üçün vaxt verilib. Bu cür reydlərin mütəmadi olaraq keçiriləcəyi nəzərdə tutulur.