Arının baldan daha qiymətli məhsulu - vərəmum
Bu ad daha çox arıçılıqla məşğul olan insanlar arasında məşhurdur. Propolisi - arı yapışqanını və ya qətranını xalq arasında "vərəmum" adlandırırlar. APA TV-nin məlumatna görə, propolisi arılar ağacların tumurcuqları, cavan budaqları və yarpaqlarındakı qatranabənzər maddələrini toplamaqla emal edir. Bu, plastilinə oxşayan, sarı-yaşıldan qəhvəyi-qaraya qədər müxtəlif rənglərdə ola bilən spesifik balzam qoxulu maddədir. Propolisin tərkibində 50-55 faiz qatran, 30 faizə qədər mum, 8-10 faiz efir yağları və bundan başqa, müxtəlif vitaminlər və mikroelementlərlə zəngin olan 5 faizə qədər çiçək tozcuğu var. Arıçı Sərdar Əmirov belə deyir.
"Propolis arının qapısının ağzında, içəri tərəfdə olur. Arı qışda soyuq olmaması üçün təhnənin giriş qapısını bir qədər daraldır. Bu zaman bu propolisdən istifadə edilir. Arının ayağında gələn çiçək tozunun qatqısından yaranır. Biz yazda təhnənin ağzını açanda xüsusi arıçılıq alətləri ilə həmin vərəmumu oradan yığırıq. Hər təhnədən 3-5 qram propolis yığmaq mümkündür".
Propolisin antimikrob təsiri çox məşhurdur. Adi antibiotiklərdən fərqli olaraq, propolisə qarşı mikroblarda asılılıq əmələ gəlmir. Bundan başqa, propolisin iltihab əleyhinə, yaraları tez bərpa edən, büzücü, keyidici, antitoksik, antioksidant, ümumi gücləndirici, immunostimulyator və digər təsirləri var.
"Propolis asma xəstəliyin əsas dərmanlarından biridir. Təxminən 20 qram propolisi 100 qram spirtin içinə qatıb üç gün saxlayır və tez-tez qarışdırırlar. Bundan sonra həmin məhlulu qaşıqla gündə 1 dəfə içilir. Bu nəfəsi genişləndirir və mədədə olan yaralara, bronxlarda olan səpkilərə müsbət təsir edir. Eyni zamanda güclü soyuqdəymənin nəticəsində yaranan astma xəstəliyi bu məhlul vasitəsi ilə aradan qaldırır".
Arıçı deyir ki, spirtdən istifadə edə bilməyən şəxslər propolisi bir fındıq dənəsi boyda olmaqla hər gün çeynəyib uda bilərlər. Bu vasitə də xəstəliyin müalicəsində keçərli hesab edilir. Propolis angina xəstəliyinin istənilən mərhələsində ən səmərəli təsir göstərən vasitədir. Yalnız yüksək keyfiyyətli propolis qısa zamanda təsir göstərir. Bunun üçün boğazı hər gün 3-5 dəfə 10-15 damcı vərəmumu yarım stəkan suya damızdırıb qarqara etmək və ya dırnaq böyüklüyündə təmiz propolisi yeməkdən sonra asta-asta çeynəmək lazımdır. Gün ərzində 5 qrama qədər yemək xəstəliyin tez keçməsinə köməklik göstərir. Propolis keyidici təsirə malikdir və diş ağrısında daha effektivdir.
"Bədəndə və boyun ardında olan ləkələrin təmizlənməsi üçün 10 qram propolisi 100 qram spirtin içində üç gün saxlamaqla məhlul halına gətirilir. Bundan sonra həmin məhlul həm daxilə qəbul edilir. Eyni zamanda ləkələrin üzərinə çəkilməklə də müalicə aparılır".
Orta qulağın xroniki iltihabında istifadə edilən propolisi 30-40 faizli spirtli məhlul və bitki yağı ilə, yaxşı olar ki, zeytun və ya qarğıdalı yağı ilə 1/4 nisbətində qarışdırılır. İstifadə etməzdən əvvəl çalxalanması vacibdir. Qulağa bu emulsiya ilə isladılmış tənzif borucuğu qoyurlar. Yaşı 5-dən çox olan uşaqlara hər gecə 10-12 saatlığa 10-14 prosedur, yaşlılarda günaşırı 36-38 saatlığa 10-12 prosedur qoyulmaqla istifadə edilir.
"Propolis uşaqlara da xeyirlidir. 2-3 çay qaşığı qaratikan balını 100 qram sterilizə edilmiş suya qarışdırıb 5-6 saat saxladıqdan sonra səhər saatlarında uşağa verilir. Tərkibində dəmir olduğundan bu uşaqlar üçün xeyirli məhlul hesab edilir".
Bağırsaq xəstəliklərinin müalicəsində də propolisdən geniş istifadə edilir. Yoğun bağırsağın selikli qişasının iltihabının müalicəsi zamanı propolisin 20 faizli spirtdə qarışdırılmış məhlulundan gündə 3 dəfə hər dəfədə 40 damcı südə qatıb içməklə bu xəstəliyi aradan qaldırmaq mümkündür. Müalicə zamanı pəhrizə əməl etmək lazımdır. Müalicə kursu isə 20-30 gündür. Propolis müalicə məqsədilə ilk dəfə qədim Misirdə, sonra qədim Yunanıstanda və Romada istifadə olunub.