"ASAN Akademiya" başa çatdı

“ASAN Könüllüləri” Gənclər Təşkilatının layihələrindən biri olan "ASAN Akademiya" layihəsi başa çatıb. APA TV-nin məlumatına görə, 40 nəfərdən çox iştirakçının qatıldığı layihə çərçivəsində öz sahəsi üzrə ölkənin ən tanınmış mütəxəssisləri tərəfindən iş mühitinə psixoloji hazırlıq, biznesin təşkili, idarəçilik üzrə təlimlər keçirilib. Ümumilikdə 2 ay davam edən layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.

Tədbirdə iştirak edən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, vətəndaşların yüksək səviyyəli və keyfiyyətli xidmət alması onlar üçün vacib məsələdir.

Xidmətin rəhbəri İnam Kərimov bildirib ki, hər mərkəzdə 80-100 nəfər arası könüllü fəaliyyət göstərir: “Dövlət Agentliyi olaraq bizim də məqsədimiz tələbə olan, universiteti yeni bitirmiş gənclərimizə iş təcrübəsini aşılamaq, onlara gələcək karyera imkanları genişləndirilməsinə kömək olmaqdır”.

“ASAN Akademiya” layihəsinin keçirilməsinin məqsədi könüllülərin iş mühitinə psixoloji hazırlığı, biznesin təşkili və idarəçiliyi istiqamətlərində iştirakçıların fərdi inkişafı üçün yönələn motivasiya edici təlimlərin keçirilməsindən ibarətdir.

"ASAN könüllüləri” Gənclər Təşkilatının sədri Fərid Əlizadə bu layihəni təşkilatın ən uğurlu layihələrindən biri adlandırıb: “Bu, bizim təşkilatın ən uğurlu layihələrindən biridir. Bu "Asan" Xidmətə və bizə qoşulan könüllülərə yalnız bilik deyil, həm də praktiki bacarıqları aşılayırıq. Bu layihə gələcəkdə regionlarımızda da davam edəcək”.

Daha sonra Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Agentliyin “İdeya Bankı” üzrə müvəkkili Fariz Cəfərov çıxış ediblər.

Sonda layihənin iştirakçıları təltif olunub.


 

Müəllif | Apa.Tv