İlin sonuna kimi Bərdə və Sabirabadda “ASAN Xidmət” mərkəzləri açılacaq

"ASAN Xidmət"in fəaliyyəti 2014-cü ilin sonunadək bütün ölkə ərazisini əhatə edəcək. Xidmətin ilin sonuna qədər daha iki yeni mərkəzi istifadəyə veriləcək.

“ASAN Xidmət”in sədri İnam Kərimov bildirib ki, hazırda Bərdə və Sabirabadda “ASAN xidmət” mərkəzlərinin açılışı üçün intensiv işlər gedir. İlin axırınadək bu mərkəzlərin açılışı gözlənilir. “ASAN Xidmət”in rəhbəri bildirib ki, eyni zamanda Masallı və Qəbələdə “ASAN xidmət” mərkəzləri tikilir: “Bu xidmət şəbəkəsi yarandıqdan sonra artıq bu iki xidmət mərkəzinin yaranmasından sonra bu mərkəz kifayət qədər şəbəkələşəcək. Bundan sonra bütün respublika üzrə ərazi məhdudiyyəti aradan qaldırıla bilər. Cənab prezidentin tapşırığına əsasən, xidmət şəbəkələrinin genişləndirilməsi davam edəcək. Gələn il 4-5 xidmət mərkəzinin açılması nəzərdə tutulur”.

Qeyd edək ki, 2013-cü ildə prezident İlham Əliyevin həyata keçirdiyi islahatların davamı olaraq yaradılan "ASAN Xidmət" mərkəzləri ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir və idarəetmədə yeni yanaşma və metodlar tətbiq edir.
 

Müəllif | Apa.Tv