İŞİD-dən daha bir qətliam: 50 sünni küçədə qətlə yetirilib
"İraq Şam İslam Dövləti" terror təşkilatı daha bir qanlı aksiyaya əl atıb. APA TV-nin "Assoşieyted Press"ə istinadən verdiyi məlumata görə, İŞİD üzvləri İraqda aralarında qadınlar və uşaqlar da olmaqla azı 50 nəfəri nümayişkəranə şəkildə güllələyiblər.
Kütləvi qırğın Ər-Rəmadi şəhərinin şimalındakı Ras-əl-Maa kəndində baş verib. Yerli sünni icmasının nümayəndəsi bildirib ki, güllələnənlərdən 40-ı kişi, 6-sı qadın, 4-ü isə uşaqdır. Əl-Ənbar əyalətinin hökuməti faktı təsdiqləyib.
İraq hökuməti isə İŞİD-in ölkənin qərbindəki Ənbar vilayətində indiyədək sünni Elbu Nimr əşirətinə mənsub 322 nəfəri öldürdüyü barədə rəsmi açıqlama yayıb.
BMT-nin Bağdaddakı missiyasının hesablamalarına görə, təkcə oktyabrda 1200-dən çox iraqlı İŞİD-in qurbanı ilub. Bu hesablamaya İŞİD-lə sünni tayfaları arasında qanlı döyüşlərin getdiyi Əl-Ənbar vilayətindəki kütləvi edamlarda ölənlər daxil edilməyib.
Qeyd edəjk ki, "İraq Şam İslam Dövləti" terror təşkilatı Suriya və İraqın zəbt etdiyi ərazilərində bu ilin yayında "xəlifət" elan edib. İŞİD Suriyada hökumət qoşunlarına qarşı döyüşərkən əlavə güc toplayıb və dünyanın ən qəddar terror təşkilatlarından biri kimi tanınıb.