"Azərbaycan və Rusiyada informasiya təhlükəsizliyi” mövzusunda konfrans keçirilib
"2013 -cü ildə 3 milyon, 2014-cü ilin ilk altı ayı ərzində Rusiya internet məkanı 67 milyon dəfə haker hücumuna məruz qalıb. Son yarım ilin statistikası ilə birlikdə 2010-cu ildən bu günə qədər Rusiyaya haker hücumlarının ümumi sayı isə 90 milyona çatıb. Hücumların əhəmiyyətli dərəcədə artımında əsas səbəbin Soçi Olimpiadası, Krımda baş verən hadisələr və Şərqi Ukrayna böhranıdır". Bunu APA TV-yə açıqlamasında Rusiya Ədliyyə Akademiyasının informasiya hüququ kafedrasının müdiri Andrey Morozov deyib: “Düşünürəm ki, bu rəqəmlərin statistikası artıq problemin ciddiliyindən xəbər verir. Rusiya ünsiyyət vasitəsi kimi xarici ölkələrin proqram təminatı və təchizatlarından istifadə edir. Lakin bölgəmizdə təhlükəsizliyi təmin etmək üçün proqram təminatı və təchizatlarımızı inkişaf etdirməliyik. Bu istiqamətdə işlər görülməyə başlanılıb, amma istənilən səviyyədə deyil . Rusiyada informasiya hüququ üzrə yüksək ixtisaslı kadrların hazırlanmasına başlanıb. Bu sahədə kadr hazırlığına xüsusi önəm verilir”.
"Azərbaycanda da informasiya təhlükəsizliyinin pozulması və haker hücumları mütəmadi olaraq baş verir".
Bunu Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. Onun sözlərinə görə, bu isə daha çox Dağlıq Qarabağ münaqişəsi kontekstində yaşanır: "Azərbaycanda da informasiya təhlükəsizliyinin pozulması və haker hücumları baş verir. Bu isə daha çox Dağlıq Qarabağ münaqişəsi kontekstində yaşanır. Ola bilər ki, başqa ölkələrlə müqayisədə Azərbaycanda bu hücumların sayı o qədər də çox deyil, amma bu mütəmadi olaraq baş verir. Belə hücumlar ən çox bizimlə düşmən mövqedə olan işğalçı Ermənistan tərəfindən edilir".
Bu gün Bakıda “Siyasi-hüquqi kateqoriyaları kontekstində Azərbaycan və Rusiyada informasiya təhlükəsizliyi” mövzusunda konfrans keçirilib.