Hökməli sakini söyüş üstündə qətl törədib
Abşeron rayonunun Hökməli kəndində qətl i törədən rayon sakini Fəqani Şükürov barəsində həbs-qətimkan tədbiri seçilib. APA TV-nin məlumatına görə, saxlanılan şəxs hadisənin ehtiyatsızlıqdan baş verdiyini, ölən şəxsi tanımadığını və əvvəllər heç bir ədavətinin olmadığını bildirib: "Evdə oturmuşdum, gördüm 5-6 nəfər həyətin qarşısında söyüş söyür. Çıxıb dedim ki, başqa yerə getsinlər. Həmin vaxt da mənə söydülər, əlbəyaxa olduq, birinin əlində bıçaq vardı. Mən də evdən tüfəngimi gətirdim".
Dediyinə görə, həyətə tüfənglə çıxaraq səs-küy salanları qorxutmaq məqsədi ilə silahı onlara tuşlayıb. Bu zaman onlardan biri tüfəngi onun əlindən almağa cəhd edib. Həmin vaxt "Eto" markalı ov tüfəngindən atəş açaraq tanımadığı şəxsi çiynindən yaralayıb. Daha sonra isə onu “VAZ-2121” markalı avtomobildə Klinik Tibbi Mərkəzə aparıb. Lakin həmin şəxs yolda aldığı xəsarətdən ölüb: "Mən aparanda sağ idi. Sonra təslim oldum, silahı da bölməyə verdim".
Faktla bağlı araşdırmalar davam edir.