Komitə sədri: "Azərbaycanda qəbir daşları standart formada olacaq"
"Azərbaycanda qəbir daşları standart formada olacaq. Bununla bağlı qanun layihəsi hazırlanıb, yaxın vaxtlarda Milli Məclisə təqdim ediləcək".
APA TV-nin xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, qaydalar qəbul edildikdən sonra heç kim bahalı məzar daşları, heykəllər qoya bilməyəcək: "Nazirlər Kabinetində bu qanun layihəsinə baxılıb. Ayrı-ayrı nazirliklərin bununla bağlı rəyləri alınıb. O cümlədən bizim də komitə tərəfindən rəy verilib. Bu qanun layihəsi məclisə təqdim ediləcək. Ola bilsin ki, qanun Nazirlər Kabinetinin qərarı kimi qəbul olunar və yaxud da ayrıca bir qanun kimi qəbul edilə bilər".
Qanun layihəsində məzarlıqların yerləşdirilməsi, qəbir daşlarının dini qaydalara uyğun şəkildə hazırlanması və digər məsələlər yer alıb: "Məzarlar standart formaya salınacaq. Məzarların standart formaya salınması sayəsində bundan sonra hansısa məzarlarda birinin digərlərindən fərqlənməsi müşahidə olunmayacaq. Eyni zamanda məzarlar sıra ilə, qayda ilə olacaq".
Qəbiristanların yaradılması, idarə olunması, dəfn və məzarların qeydiyyatı məsələləri, eləcə də qəbir daşlarının eyni ölçüdə və formada hazırlanması qaydalarla tənzimlənəcək.