Şəki sakini həmyerlisinin 11 min manatını alaraq arvadı ilə birlikdə Suriyaya qaçmaq istəyib

Suriyadakı terrorçulara qoşulmaq üçün ölkədən getmək istəyən şəxs saxlanılıb. APA TV-nin Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Şəki rayon sakini Rahim Hacıyev həmyerlisi Samir Abdurrəhmanova qarşı dələduzluq edərək avtomobil satacağı adı ilə onun 11 min manatını alıb, avtomobili isə başqa yerdə gizlədib. Daha sonra Rahim Hacıyev həyat yoldaşı Günel  ilə birgə Suriyadakı terrorçu qruplara qoşulmaq niyyəti ilə ölkəni tərk etmək istəyib və bu zaman rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rahim Hacıyevin evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan edilmiş 12 ədəd dini məzmunlu kitab, 9 ədəd disk və digər maddi sübutlar aşkar edilərək götürülüb. Faktla bağlı Şəki ŞRPŞ-də Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi qaldırılıb. Rahim Hacıyev barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib və o, həbs olunub.

Müəllif | Apa.Tv
Apa.tv