Elmar Məmmədyarov: "Bu, bir gündə həll olunan münaqişə deyil"
"Deyə bilmərəm ki, prezidentlərin Paris görüşündə hansısa irəliləyişə nail ola bildik, amma bu, özlüyündə bir addımdır".
APA TV-nin xəbərinə görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib. Nazir Fransa prezidenti Fransua Olandın Böyük Sülh Sazişi üzərində işləməyin vaxtının çatması ilə bağlı açıqlamasını da addım sayıb: "Bu, bir gün ərzində həll olunan münaqişə deyil. Bu addımları atmaq lazımdır. İlk növbədə biz Böyük Sülh Sazişi üzərində işləməliyik və hansı məsələlər qalıbsa, onun üzərində də ciddi çalışmalıyıq".
O bildirib ki, prezidentlərin növbəti görüşünün BMT-nin Baş Assambleyasının 2015-ci ilin sentyabrında Nyu-Yorkda keçiriləcək toplantısı çərçivəsində baş tutmasını Fransua Oland təklif kimi səsləndirib: "Amma ümumilikdə belə razılığa gəlinib ki, həmsədrlər öz fəaliyyətlərini davam etdirəcəklər. Çox güman ki, xarici işlər nazirləri səviyyəsində ATƏT-in Bazel toplantısı çərçivəsində görüş olacaq".
Nazir Elmar Məmmədyarov bu gün Bakıda səfərdə olan Macarıstanın xarici işləri Peter Siyarto ilə görüşüb. Görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidentinin gələn həftə Macarıstana səfər edəcəyini deyən qonaq səfərin yüksək səviyyədə həyata keçirilməsi üçün tədbirlər görüldüyünü qeyd edib. Macarıstanlı nazir qeyd edib ki, səfər çərçivəsində mülki aviasiya ilə bağlı müvafiq sazişlərin imzalanması gözlənilir. Bundan əlavə, səfərə qədər strateji tərəfdaşlıq sazişi üzərində işi bitirmək də nəzərdə tutulub.