Sabunçunun bəzi küçələri su altında qalıb - GÖRÜNTÜ
Ötən gün yağan güclü Bakının Sabunçu rayonunda bir sıra fəsadlar törədib. APA TV-nin əməkdaşları rayonun bəzi ərazilərində çəkiliş aparıblar.
Rayonun çox yerində gölməçələr əmələ gəlib, bazarın yerləşdiyi mərkəzi hissəsində avtomobillərin gediş-gəlişinə ciddi maneə yaranıb.
Bəzi sakinlər bu gölməçələrdən balıq tutmağa çalışıblar.
Natəvan küçəsində də gediş-gəliş məhdudlaşıb, evləri su basıb.
Sakinlər deyirlər ki, şagirdlər məktəbə gedə bilmirlər.
Suyun dərinliyi hardasa 2 metrə yaxındır. Çörək almağa belə getmək mümkün deyil.
Güclü yağış Sabunçuda evlərə ciddi ziyan vurub. Həyətlər suyun altında qalıb.
Zabrat Maştağa şosesində də vəziyyət eynidir və avtomobillərin hərəkətində problemlər yaranır.
Sabunçu rayon Mənzil Komunal Təssərüfatı Birliyinin rəisi Oruc Əhmədov APA TV-yə bildirib ki, əvvəlki illərə nisbətən son iki ildə həmin ərazidə kanalizasiya sisteminin yenilənməsi ilə bağlı xeyli iş görülüb. Amma bəzi ərazilərdə kanalizasiya xətləri yenilənməyib: "Hardasa 1,5 kilometr uzunluğunda yeni xətt çəkilib. Ora demək olar ki, Sabunçu qəsəbəsində ən çökək bir yerdir. Güman edirəm ki, qısa müddət ərzində bu da öz həllini tapacaq".
O bildirib ki, aidiyyəti qurumlar təlimatlandırılıb, hadisə yerlərində briqadalar çalışır, evlərə dolan sular maşınların köməyi ilə çəkilir.