Hadı Rəcəbli: “Ölkədə hər il 200 uşaq talassemiya xəstəliyi ilə doğulur"
“Azərbaycanda hər il 200 uşaq talassemiya, 300 uşaq isə hemofiliya xəstəliyi ilə doğulur. Hazırda təxminən 600 minə yaxın əlil varsa, onun 10 faizi uşaqdır. Bu məsələnin kökündə savadsızlıq dayanır”.
Bunu APA TV-yə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. Hadı Rəcəbli ailə problemlərinin daim dövlətin diqqət mərkəzində olduğunu vurğulayıb, son 5 ildə parlamentdə Ailə Məcəlləsinin bir neçə maddəsinə əlavə və dəyişikliklər edildiyini xatırladıb:
"Yalnız bir maddə daha çox diskussiyaya məruz qalıb ki, bu da nikaha girən cütlüyün mütləq tibbi müayinədən keçməsi məsələsidir. Azərbaycanda ildə təxminən 170 min uşaq dünyaya gəlir. Cütlüklər nikaha girərkən xəstəliklərini bilməyəndə, onların övladları da xəstə doğulur. Əgər cütlüklər xəstəlik daşıyıcısıdırsa, onlar nikaha girəndən sonra övlad da mütləq xəstə doğulacaq. Burda çətinlik yaradan məsələ qızın və oğlanın səhhəti barədə məlumatın yayılmamasıdır. Bu baxımdan beynəlxalq müqavilələrdə sağlamlıq haqqında qızın oğlana və ya oğlanın qıza məlumat verməsi qadağan olunub. Amma Türkiyə və digər ölkələrin qanunlarında da nikaha girən oğlan və qız öz sağlamlığı haqqında bir-birlərini məlumatlandırırlar”.
Doğuş zamanı ana və uşaql ölümləri məsələsinə toxunan Hadı Rəcəbli bildirib ki, bəzi körpələr ağır xəstəliklərlə dünyaya gəlir. Bunların fəsadları ağır olur. O bildirib ki, hər bir ana öz səhhətini müayinə etdirməklə, dünyaya sağlam övlad gətirə bilər.