Mübariz Qurbanlı: "Radikal qruplar gənclərimizi döyüşlərə qoşulmağa məcbur edir"

 

"Biz Azərbaycanda gənclərin yoldan çıxarılaraq din pərdəsi altında siyasiləşdirilməsinə, hansısa maraqlar naminə terrorçu qruplara qoşulmasına sövq edilməsinə imkan verməyəcəyik".

 

APA TV-nin xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Odlar Yurdu Universitetində tələbələr qarşısında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bəzi radikal qruplar Azərbaycan gənclərinin Suriya, İraqa apararaq, orda müharibələrə qoşulmağa məcbur edir. Dövlət bunun qarşısını almaq üçün tədbirlər görür.

 

Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları rayonda məscidlə bağlı problemlərə toxunan komitə sədri  bildirib ki, bu, dövlətlərarası münasibətlərə təsir göstərə bilər: "Ancaq qəti əminəm ki, Gürcüstanda məscidlərdə törədilmiş qeyri-insani əməllərin arxasında heç də Gürcüstan hökuməti dayanmır. Onun arxasında ermənilərlə bərabər Gürcüstanda millətçiliyi qızışdırmaq istəyən qruplar var. Müəyyən dairələr var ki, istəyirlər, bu qarışıqlıqdan istifadə edib, qarşıdurma ocağı yaratsın".

 

Yas və toy mərasimlərinin keçirilməsi ilə bağlı tələbələrin suallarını cavablandıran Mübariz Qurbanlı bildirib ki, bu qadağaların həyata keçirilməsinə maneə olanlar da var: "Bu adama hörmətin var, cənazə namazına gəl. Yoxsa, sən gəlib oturursan, aş-plov yeyirsən, bir dənə də siqaret, alışqan qoyurlar stolun üstünə, yanındakı ilə qəh-qəhə çəkirsən, bu, ölən adamın ruhuna böyük hörmətsizlikdir. Biz bunun əleyhinəyik, cəmiyyət də buna dəstəkdir, ancaq dəstək verməyənlər də var".

 

Komitə sədri tələbələri maraqlandıran suallara cavab verib.

 

Müəllif | Apa.Tv