Qonşusunun maşınını qaçıran Qax sakini qəza törətdi
Qonşusunun maşınını qaçıran Qax sakini qəza törədib. APA TV-nin məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Qax sakini, 1976-cı il təvəllüdlü Eldar Allahverdi oğlu Paşayev idarə etdiyi “Qaz 2410” markalı avtomobillə Balakən rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını əvvəlcə yol kənarındakı daş hasara, daha sonra isə ağaca çırpıb. Qəza nəticəsində bədən xəsarəti alan Eldar Paşayev Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, Eldar Paşayevin vəziyyəti orta-stabil qiymətləndirilir, müalicəsi xəstəxanada aparılır.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsindən APA TV-yə bildirilib ki, yol-nəqliyyat qəzası törədən Eldar Paşayev idarə etdiyi “Qaz 2410” markalı avtomobili Qax sakini Məhəmməd Kərimovun evinin qarşısından qaçırıb. “Qaz 2410” markalı avtomobil isə Məhəmməd Kərimovun ailəsinə məxsusdur. Qəzadan bir müddət əvvəl Məhəmməd Kərimov ailəsinə məxsus avtomobilin oğurlanması barədə Qax rayon Polis Şöbəsinə müraciət edib.
Məlumatda bildirilir ki, qonşusunun maşınını qaçıraraq yol qəzasını törədən Eldar Paşayev əvvələr məhkumluq həyatı yaşayıb, hadisəni törədən zaman isə içkili olub.
Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.