Cəbhə xəttində monitorinq keçiriləcək

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 15 dəfə pozulub. Müdafiə Nazirliyindən APA TV-yə verilən xəbərə görə erməni silahlı qüvvələri Ağdam rayonunun Mərzili, Yusifcanlı, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

 

Düşmən cavab atəşi ilə susdurulub.

 

Bu arada ATƏT-in Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirəcəyi monitorinqin vaxtı bəlli olub. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 5-də Tərtər rayonunun Seysulan kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

 

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Saymon Tiller, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yevgeni Şarov keçirəcəklər.

Müəllif | Apa.Tv
Apa.tv