Nazirlik rəsmisi: "Sürüşmə kütləsi anbaan aktivləşir"
Ölkə ərazisində yağıntılı hava şəraitinin hökm sürməsi sürüşmə zonalarında aktivləşməni artırıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov APA TV-yə bildirib ki, Lənkəran və Lerik zonalarında aktivləşmə müşahidə olunub: "Ayın 3-də düşən leysan yağışları nəticəsində yolun 17-19, 45-50, 53, 27-ci kilometrliyində mövcud olan bütün uçqun və sürüşmə sahələrində aktivləşməyə səbəb olub. Bundan başqa, kənd ərazisində lokal yerlərdə aktivləşmə olub".
Hazırda cənub bölkgəsində sürüşmə zonasında olan nazirlik rəsmisi bildirib ki, respublikada yamacın kəsildiyi yerlərdə sürüşmə daha çox aktivləşib. Cənub bölgəsində Lənkəran və Lerikin avtomobil yollarında, şimalda Quba-Xınalıq, Şamaxı-İsmayıllı yolunda, həmçinin Ağsu aşırımında aktivləşmə müşahidə olunur: "Kütlə yola tərəf hərəkət edir. Avtomobillərin hərəkətinə müəyyən dərəcədə mane olur. Yolu bağlayacaq qədər güclü olmasa da, sürüşmə kütləsində anbaan aktivləşmə müşahidə olunur. Hər an öz yerini dəyişir və aşağıya doğru hərəkət edir".
Nazirlik rəsmisi bildirib ki, aktivləşmənin müşahidə olunduğu ərazidə monitorinqlər davam etdirilir.