Allahşükür Paşazadə: "Girovların qaytarılması üçün əlimizdən gələni edəcəyik"
"Bu yaxınlarda Moskva və bütün Rusiyanın patriarxı Kirillə görüşümüzdə əsas müzakirə mövzumuz azərbaycanlı girovların qaytarılması məsələsi olub".
APA TV-nin məlumatına görə, bunu jurnalistlərə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.
Allahşükür Paşazadə bildirib ki, müzakirə olunan məsələlərdən biri də Ermənistanın dini lideri II Qareginlə görüşün təşkil olunması və azərbaycanlı girovların qaytarılması məsələsinin ən vacib məsələ kimi onun qarşısında qoyulması olub: "İmkan daxilində dini liderlər bu məsələdə yardım edəcək, əlbəttə, hüquqi baxımdan bu məsələ dövlətin səlahiyyətindədir və dövlət özü vətəndaşlarını qoruyur. Biz də bu məsələdə dövlətin yanındayıq. Bu məsələdə nə lazımdırsa, o addımı ata bilərik. İmkan daxilində də əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı azərbaycanlı öldürülüb, Şahbaz Quliyev və Dilqəm Əsgərov adlı iki azərbaycanlı isə girov götürülüb.
Həsəsn Həsənovun nəşi ermənilərdən alınaraq, dəfn olunub, Şahbaz Quliyev və Dilqəm Əsgərovun isə qondarma "məhkəməsi" keçirilir.