Əli Əhmədov Çindən gələn nümayəndə heyəti ilə görüşüb

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi-sədr müavini Əli Əhmədov Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsi sədrinin müavini Mao Biaonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA TV-nin xəbərinə görə, görüş zamanı Əli Əhmədov deyib ki, Çindən yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycana səfəri Çinin Azərbaycana və regiona diqqətinin bariz nümunəsidir, iki ölkə arasında münasibətlərin inkişafından xəbər verir.

 

Onun sözlərinə görə, Azərbaycanın xarici siyasət strategiyasında Şərq, o cümlədən Çin önəmli yer tutur və iki ölkə arasında münasibətlərin inkişafında YAP və Çin Kommunist Partiyasının öz rolu var.

 

Mao Biao isə Çin və Azərbaycanın yaxşı dostlar və etibarlı tərəfdaşlar olduqlarını söyləyib. Onun sözlərinə görə, hazırda iki ölkə arasında qarşılıqlı etimad var. O, İpək Yolu üzərində yerləşən Azərbaycanla iqtisadi əlaqələrin Çin üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.  

 

Müəllif | Apa.Tv