Allahşükür Paşazadə və Mübariz Qurbanlı Aşura günü qan veriblər

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının bu il Məhərrəm ayının başlanması ilə bağlı verdiyi fətvaya əsasən, "Təzəpir” Məscidində də Aşura mərasimi keçirilib. APA TV-nin məlumatına görə, mərasimə paytaxtdan və ətraf kəndlərdən xeyli insan qatılıb. Təziyə günlərində QMİ-nin təşəbbüsü ilə könüllü qanvermə aksiyası da keçirilir.

 

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib ki, Aşura münasibəti ilə QMİ və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda və regionlarda 15 ziyarətgah və məsciddə bu aksiyaya start verilib.

 

Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib ki, buradan yığılan qan qan xəstəliyindən əziyyət çəkən insanların müalicəsi zamanı istifadə ediləcək.

 

Aksiyasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da iştirak edib.

 

Hacı Allahşükür Paşazadə bu gün Təzəpir məscidində Aşura günü ilə bağlı zəncir vurma aksiyasına da münasibət bildirib. Şeyxülislam deyib ki, bu məsələ ilə bağlı fətva əmr deyil, tövsiyə xarakterlidir və kimsə yenə özünü zəncirlə döyürsə, ona zorla müdaxilə edə bilməzlər. Verilən fətvada zəncir vurmanın düzgün olmamasını insanlara tövsiyə ilə çatdırıb, etməmələrini məsləhət görüb: “Bizim borcumuz bununla bağlı maarifləndirmə işi aparmaq, zəncir vurmanın dini baxımdan məqbul olmadığını izah etməkdir. Amma biz bunu yalnız tövsiyə edə bilərik. Onu da başa düşürük ki, belə halı birdəfəlik yığışdırmaq mümkün deyil. Yəqin ki, zaman keçdikcə bu istiqamətdə də müsbət nəticələrə nail olacağıq".

 

QMİ-nin Aşura günü ilə bağlı fətvasında təziyə məclislərində zəncir vurma məqbul sayılmır.

 

Müəllif | Apa.Tv