Doğuşda ölən gəlinin qayınanası: "Həkimlər yatıb, ananı qan aparıb"

Qubada doğuş zamanı ölən ananın yaxınları həkimlərdən şikayətçidir. APA TV-nin məlumatına görə, Aslanovlar ailəsi gəlinlərinin sağlam olduğunu, doğuş gününə qədər heç bir problem yaşanmadığını deyiblər. Ötən gün Quba Perinatal Mərkəzində qeydə alınan hadisə zamanı 36 yaşlı ana Zərinşah Aslanova ölsə də , yeni doğulan oğlan uşağı sağlamdır.

 

Doğuşda ölən qadının qaynanası Sinxron Nəzakət Aslanova gəlinin qanaxma nəticəsində öldüyünü deyir: “Həkimlər yatıb, gəlini qan aparıb. Sağlam idi, gəlin sağlam deyildisə, nə üçün uşaq sağlam doğulur. Günah onlardadır, həkimdədir”.
 

Gəlinin qayınatası Abgül Aslanov doğuşdan sonra gəlinin yaxşı olduğunu deyib: “Doğuşdan sonra gəlib muştuluqlayıb yola salıblar ki, gedin, gəlin yaxşıdır. Yarı yol gələndən sonra zəng ediblər ki, qayıdın, qanaxma olub. Doğuşdan sonra heç kəsi yanına buraxmayıblar”.
 

Quba Mərkəzi Rayon Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev APA TV-yə bildirib ki, doğuşdan sonra xəstədə qanaxma qeydə alınıb. Əməliyyata alınan ananın səhhəti 16 saat sonra yenidən pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb. Bu, ananın 11-ci hamiləliyi və 3-cü doğuşu olub.
 

Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv