Gələn il büdcə gəlirləri 19,438 milyard manat proqnozlaşdırılıb
2015-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsi Milli Məclisin İqtisadi Siyasət, Aqrar Siyasət, Təbii Ehtiyatlar və Energetika, Sosial Siyasət, Təhlükəsizlik və Müdafiə Komitələrinin birgə icalsında müzakirəyə çıxarılıb. APA TV-nin xəbərinə görə, maliyyə naziri Samir Şərifov deyib ki, gələn il üçün büdcə gəlirləri 19,438 milyard manat proqnozlaşdırılıb. Bu da ÜDM-in 32,5 faizini təşkil edir. Dövlət büdcəsinin xərcləri isə 21,1 milyard manat (35,3 faiz) həcmində olacaq. Büdcənin kəsiri 1,7 milyard manat həcmində proqnozlaşdırılır: "Dövlət büdcəsinin parametrləri neftin bir barelinin qiymətinin 90 dollar olması nəzərə alınaraq, formalaşdırılıb. Büdcə gəlirləri 2014-cü ilin gözlənilən göstəriciləri ilə müqayisədə 5,7 faiz artacaq, 2013-cü ilin faktiki göstəriciləri ilə müqayisədə isə 0,3 faiz azalacaq. Dövlət büdcəsinin xərcləri 2014-cü illə müqayisədə 5,2 faiz, 2013-cü illə müqayisədə isə 10,2 faiz artacaq".
Gələn il ümumi büdcə daxilolmalarında neft sektorunun payının 2014-cü ildə gözlənilən 66 faizə nisbətdə 65,3 faizədək azalacağı gözlənilir: "Büdcə xərcləri strukturunda hərbi xərclərə 1 778,5 milyon manat (artım 8,6 faiz) yönəldilməsi planlaşdırılır. Sosial müdafiə və sosial təminat üzrə xərclərin 1,5 faiz - 2 040,5 milyon manatadək, elmə 3 faiz - 142,5 milyon manatadək, prokurorluq, məhkəmə və hüquq-mühafizə orqanlarına xərclərin isə 1,1 faiz - 1 227,1 milyon manat azaldılması planlaşdırılır".
Samir Şərifov bildirib ki, 2015-ci ilin dövlət büdcəsinin gəlirləri nominal ifadədə 19 mlrd. 438 mln. manat, xərcləri isə 21 mlrd. 100 mln. manat nəzərdə tutulub.