"Qalatasaray" yenə böyük hesabla uduzdu - 4:1
Türkiyənin "Qalatasaray" klubu Çempionlar Liqasının qrup mərhələsindəki dördüncü oyununda səfərdə Dortmund "Borrusiya"sına məğlub olub və növbəti mərhələyə çıxmaq şansını möcüzələrin ixtiyarına buraxıb.
"Qalatasaray" ötən gecə 4:1 hesabı ilə məğlub olmaqla, qrup mərhələsinin dörd oyunundakı üçüncü məğlubiyyətini yaşayıb. Üstəlik, İstanbul klubu məğlub olduğu oyunların hamısında qapısında 4 qol görüb.
"Borrusiya" - "Qalatasatay" oyununun birinci hissəsində bir qol vurulub. 36-cı dəqiqədə Reus "Borrusiya"nı hesabda irəli çıxarıb.
İkinci hissədə azarkeşlərin hərəkətlərinə görə oyun iki dəfə dayandırılıb. Birinci dəfə buna "Qalatasaray" azarkeşləri səbəb olublar və Türkiyə klubunun futbolçuları azarkeşləri çətinliklə sakitləşdiriblər.
Oyun bərpa olunan kimi "Borrusiya" növbəti dəfə fərqlənib. 56-cı dəqiqədə Papastathopulos komandasının ikinci qolunu vurub. 70-ci dəqiqədə "Qalatasaray" ümid qolunu vurub. "Borrusiya"nın qapısından topu Hakan Balta keçirib.
Amma cəmi 4 dəqiqə sonra "Borrusiya" hesab arasındakı fərqi yenidən iki topa çatdırıb. 85-ci dəqiqədə isə "Qalatasaray"ın futbolçusu Semih Kaya avtoqola imza atıb.
Hesab 4:1-ə çatdıqdan sonra hakim yenidən oyunu dayandırmalı olub. Bu dəfəki məcburi fasilənin səbəbi dortmundlu azarkeşlərin tribunasındakı yanğın olub.
Beləliklə, bu qələbədən sonra "Borrusiya" xallarının sayını 12-yə çatdırıb və növbəti mərhələyə vəsiqəni təmin edib. "Qalatasaray"ın isə cəmi 1 xalı var və qrupdan çıxması yalnız möcüzə nəticəsində reallaşa bilər.