Gürcüstanda yeni siyasi böhran! Müdafiə naziri işdən çıxarıldı!
Gürcüstan yeni siyasi böhranın astanasındadır. Ölkənin müdafiə naziri, hakim koalisiyada təmsil olunan "Azad demokratlar" hərəkatının üzvü İrakli Alasaniya vəzifəsindən uzaqlaşdırılıb. APA TV-nin xəbərinə görə, o, nazirlikdə korrupsiya faktlarının araşdırılmasını siyasiləşdirib və Baş Prokurorluğun addımlarını ölkənin Avroatlantika kursuna qarşı hücum kimi qiymətləndirib. Artıq yeni müdafiə naziri də təyin edilib. Bu, Mindiya Canelidzedir.
İşdən çıxarılan İrakli Alsaniya dərhal bəyan edib ki, sabiq prezident Mixail Saakaşvilinin "Vahid milli hərəkat"ı ilə əməkdaşlığa hazırdır. Sabiq nazir bildirib ki, vəzifədən çıxarılması onun üçün gözlənilməz olub. Onun sözlərinə görə, Gürcüstanın Qərbyönümlü qüvvələri birləşməli və göstərməlidir ki, Ukraynadakı dövlət sabotajı Gürcüstanda mümkün deyil.
İrakli Alasaniyanın işdən çıxarılmasından sonra Gürcüstanın Avropa və Avroatlantika məsələləri naziri Aleksi Petriaşvili vəzifəsindən istefa verib. O da sabiq müdafiə naziri kimi "Azad demokratlar" hərəkatının üzvüdür.
Ölkədə baş verənlərə və hakim koalisiyadakı parçalanma təhlükəsinə Gürcüstan prezidenti Georgi Marqvelaşvili səfərdə olduğu Vyanadan münasibət bidirib. O, deyib ki, ölkədaxili siyasi qarşıdurma Avroatlantik inteqrasiya və Gürcüstanın suverenliyinin təminatçısı olan ordunu təhlükə altında qoya bilər.
Gürcüstanın baş nazirinin müavini Kaxa Kaladze xəbərdarlıq edib ki, hökumətdə yeni istefalar da mümkündür. Çünki, hakim koalisiyada təmsil olunan "Azad demokratlar" hərəkatının daha iki nümayəndəsi nazir postu tutur. Bunlar ədliyyə naziri Teya Çulukani və xarici işlər naziri Maya Pancakidzedir. Xarici işlər naziri həm də istefaya göndərilən İrakli Alasaniyanın baldızıdır.