Bakıda minik avtomobili yük maşınına çırpıldı

Ötən gecə Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində bir nəfər ağır xəsarət alıb. APA TV-nin xəbərinə görə, hadisə metronun "Koroğlu" stansiyasının yaxınlığında baş verib. 33 yaşlı Elnur Məhərrəm oğlu Məsimov "Opel" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və maşını yol kənarında dayanan "Shaqman" markalı yük maşınına arxadan çırpıb. Qəza nəticəsində "Opel"in açıq kəllə-beyin travması alan sürücüsü təcili tibbi yardım maşını ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Yaralı dərhal əməliyyat olunub. Növbətçi həkim Azər Zeynalovun verdiyi məlumata görə, əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağır stabildir. Qəzanın səbəblərinə gəlincə, ərazidə müayinə aparan yol patrul xidmətinin əməkdaşları hadisənin yüksək surət nəticəsində baş verdiyi qənaətinə gəliblər.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv