ABŞ Senatına aralıq seçkilərdə Respublikaçılar qalib gəldi
ABŞ Konqresinin yuxarı palatasına keçirilən aralıq seçkilərdə respublikaçılar qalib gəlib. APA TV-nin məlumatına görə, dünən 36 yerə keçirilən seçkilərdən sonra respublikaçılar Senatda 51 yerə sahibləniblər. “Fillər” Senatda sahib olduqları mandatların sayını 6 vahid artırıblar. Bununla da respublikaçılar Konqresin hər iki palatasında üstünlüyə sahib olublar. Hər iki palataya məhz respublikaçıların nümayəndəsi sədrlik edəcək. Seçicilərin respublikaçılara etimad göstərməsi növbəti iki ildə prezident Obamaya daxili siyasi problemlərdən başqa heç nə vəd etmir.
Qeyd edək ki, Respublikaçılar Partiyasının namizədləri aralıq seçkilərdə Arkanzas, Qərbi Vircinya, Cənubi Dakota, Montana, Kolorado, Ayova və Şimali Karolina ştatlarında qələbə qazanıblar. Bundan öncə bu ştatlar demokratların nəzarətində idi.
Bu seçkilərdən öncə Senatda demokratlar 55 yerə, respublikaçılar isə 45 yerə sahib idi. Hazırda yuxarı palatada respublikaçılar 51, demokratlar 49 mandata sahibdir. Uzun illərdən sonra ilk dəfə Senatda müstəqil namizəd təmsil olunmur.