Azərbaycanda qeysəriyyə əməliyyatlarının sayı niyə artır?
"Azərbaycanda qeysəriyyə kəsiyi əməliyyatlarının sayı ildən ilə artır. Bu, tək Azərbaycanda yox müasir dövrdə bütün ölkələrdə belədir. Müxtəlif ölkələrdə bu doğuşların 5-50 faizini təşkil edir, çünki qeysəriyyə kəsiyinin tezliyinin artması perinetal itkilərin azalmasına gətirir. Rəsmi statistikaya görə, ölkə üzrə qeysəriyyə kəsiyi əməliyyatları 2013-cü il üzrə 19,7 faiz, 2012-ci ildə 20,48 faiz, 2011-ci ildə 17,76 faiz təşkil edib". Bunu APA TV-yə Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim mama-ginekoloqu Leyla Məmmədova deyib: "Azərbaycanda qeysəriyyə kəsiyi əməliyyatlarının artmasının həm obyektiv, həm də subyektiv səbəbləri var. Subyektiv səbəblərdən biri budur ki, nədənsə insanlara elə gəlir ki, əgər doğuş cərrahi əməliyyatla başa çatırsa, bu, ana və uşaq üçün daha təhlükəsizdir. İkinci səbəb ondan ibarətdir ki, hazırda qeysəriyyə əməliyyatı edən mama-ginekoloqlar kifayət qədər çoxdur. Bundan əlavə, sözü gedən əməliyyat üzrə bizim klinik protokolumuz var və burada qeysəriyyə əməliyyatına aid göstərişlər çox konkret göstərilib. Eyni zamanda həmin potologiyaları müəyyən etməyə bütün metodikalar var. Yəni hamiləlik dövründə dölün hipoksiyası, cift gəlişlər, ekstra-ginekal patologiyası olan qadınların antanatal dövrdə aşkar olunması əməliyyatların sayının çoxalması ilə nəticələnir".
Azərbaycanda qadının istəyi ilə qeysəriyyə kəsiyi əməliyyatının keçirilməsinə icazə verilmədiyini deyən Leyla Məmmədova qeyd edib ki, bunun üçün klinik protokolda təsdiq edilmiş göstərişlər olmalıdır: "Uşaqlığında çapığı olan qadınlar üzərində qeysəriyyə əməliyyatı keçirilməsi çoxluq təşkil edir. Bu gün Azərbaycanda əməliyyatların 44 faizi məhz həmin qadınlara şamil edilir. İkinci yerdə dölün çanaq gəlişləri, üçüncü yerdə doğuşun aparılmasına maneə yaradan səbəblərin olması, dölün hipoksiyasıdır. Digər səbəbləri isə uzun müddət sonsuzluğu olanlardı, ekstrokorporal mayalanma yolu ilə hamilə qalan qadınlar üzərində cərrahi əməliyyat keçirilir. Qərar ancaq həkim tərəfindən verilir və pasientə izah olunur. Qadının əməliyyatdan imtina etmək hüququ var. Bu onun özünün və yaxın qohumunun imzası ilə təsdiqlənməlidir. Qadının həyatı üçün təhlükəli hal olduqda isə qadının razılığı olmadan belə əməliyyata icazə verilir".
Hamilə qadının həkimin razılığı olmadığı halda belə israrla əməliyyatla ana olmaq istəyinə gəlincə, əməliyyata göstəriş yoxdursa, həkimin o əməliyyatı icra etməyə icazəsi yoxdur: "Əgər qadın özü imtina edir və hamiləliyini təbii yolla sonlandırmaq istəyirsə, onda qadın özü ərizə ilə əməliyyatdan imtina etdiyini bildirir. Amma burda yenə də həkim müdaxilə edə bilər. Çünki burda da söhbət bir insanın həyatını itirmə riskindən gedir. Yəni təkid cərrahi əməliyyata göstəriş ola bilməz".
Leyla Məmmədova qeysəriyyə əməliyyatının müsbət və mənfi tərəflərinə də diqqət çəkib. Onun sözlərinə görə, əməliyyat ananın və uşağın sağlamlığının qorunması baxımından əsası olan göstərişlə icra olunursa, bu onun müsbət xüsusiyyətidir. Əməliyyatın mənfi xüsusiyyətlərinə gəlincə, həkim proses zamanı qanaxma, uşaqlığın atoniyası, uşaqlıqda tikişlərin yarasızlığı, anestezioloji fəsadlar, qonşu orqanların zədələnməsinin baş verə biləcəyini də istisna etmir.
Leyla Məmmədova 2013-cü ildə 146 min 615 doğuşun 28 min 954-nün qeysəriyyə kəsiyi əməliyyatı yolu ilə olduğunu qeyd edib. Özəl tibb müəssisələrində isə bu göstərici 2013-cü il üzrə ilkin nəticələrə görə bu rəqəm 60 faizdən yüksəkdir.