"FINCA Azerbaijan" "Biliyini Kapitala Çevir" Tələbə Proqramının qaliblərini mükafatlandırıb

15 sentyabr - Bilik Günü ilə əlaqədar həyata keçirilən"Biliyini Kapitala Çevir" Tələbə Təqaüd Proqramının 2014-cü il üzrə qalibləri elan edilib. Noyabrın 4-də "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı bu ilin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirib.

 

Konfransda FINCA Azərbaycan təşkilatının rəhbər şəxsləri ilə yanaşı, Mərkəzi Bank, Təhsil Nazirliyi, Amerika Ticarət Palatası və mətbuat nümayəndələri, proqram çərçivəsində qalib gəlmiş tələbə və onların valideynləri iştirak ediblər.

 

"FINCA Azerbaijan"ın ölkə direktoru Timoti Tarrant deyib ki, "Biliyini Kapitala Çevir" təqaüd proqramı bilik günü münasibəti ilə həyata keçirilmiş bir proqramdır və bu, Azərbaycanda təhsilin inkişafına dəstək vermək istiqamətində atılmış bir addımdır: "Proqrama keçən ildən start verilib. Proqram ilk dəfə 18 tələbəni əhatə edirdisə, bu il artıq 25 tələbə bəhrələnə biləcək. Biz ümid edirik ki, onlar Azərbaycanın təhsilinə  gələcəkdə tövhələrini verəcəklər".

 

"Biliyini Kapitala Çevir" Tələbə Təqaüd Proqramının qalibləri FINCA Azərbaycan kredit təşkilatının az təminatlı müştərilərinin bu il ali təhsil müəssisələrinə ən yüksək balla qəbul olunmuş övladları arasından seçilib. Proqramın şərtlərinə əsasən müsabiqədə 1000 ABŞ dolları və ya 800 AZN məbləğinə qədər təşkilatdan kredit götürmüş aktiv müştərilərin övladları iştirak edib. Seçim  şərtlərinə uyğun olan ərizələrə əsasən  paytaxtdan 8, ölkənin Qərb bölgəsindən 7, Şərq bölgəsindən 5, Cənub bölgəsindən 4 və Abşeron bölgəsindən 1 nəfər təqaüd almaq üçün layiq görülüb.  Seçilmiş 25 nəfər tələbəyə diplomlar verilib. Və onlar bir il ərzində 100 AZN məbləğində təqaüd alacaqlar. 

 

Biliyini Kapitala Çevir" Tələbə Təqaüd Proqramını "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı Korporativ Sosial  Məsuliyyət proqramı çərçivəsində 2013-cü ildən icra edir. 

 

Qeyd edək ki, FINCA Azərbaycan hal-hazırda ölkənin bütün regionlarında fəaliyyət göstərən 65 filialı vasitəsilə 150.000-dən çox aktiv müştəriyə maliyyə xidmətləri göstərməkdə davam edir. 

Müəllif | Apa.Tv
Apa.tv