Rövnəq Abdullayev: "Azərneftyağ” fəaliyyətini dayandıracaq"

"Azərneftyağ” Neft emalı zavodunun istismarı dayandırılacaq". 

 

APA TV-nin xəbərinə görə, bunu Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında bildirib. Bundan sonra zavodun binası söküləcək: "Zavodun fəaliyyətinin dayandırılması üçün hazırlıq işləri görülür. Düşünürük ki, 2017-ci ilə qədər başa çatacaq. Müəyyən yağ istehsalı Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçiriləcək. Bundan sonra isə zavodun istismarı dayandırılacaq".

 

Neft şirkətinin prezidenti bildirib ki, Azərbaycanda sıxılmış təbii qaz stansiyalarının (CNG) inşasına başlanacaq. Bu stansiyaların istifadəyə verilməsindən sonra ölkəyə qazla işləyən avtobuslar gətiriləcək: "Axır zamanlar aşkar etdiyimiz yataqların çoxu qaz yataqlarıdır. Biz də çalışacağıq ki, gələcəkdə qazdan daha çox istifadə edək. Artıq “Azəriqaz” və bir neçə şirkət sıxılmış təbii qaz stansiyalarının (CNG) tikilməsi layihəsinə başlayıb. Gələn il "Baku Bus" avtobusları gətiriləcək. Bakı ətrafında 6 stansiya tikiləcək. Düşünürük ki, ölkə ərazisində hər 180 kilometrdən bir belə stansiyalar tikilsin. Qaza keçdikdən sonra da benzinə tələbat azalacaq".

 

Rövnəq Abdullayev bildirib ki, ölkənin 90 faizə qədəri qazlaşdırılıb: "Bu il bizə 60 milyon manat vəsait ayrılıb. Kəndbəkənd bunu həyata keçiririk. Amma faiz hesabı ilə baxanda qazlaşmamış ərazilər 10 faizdir. Kəndlərə böləndə kənd çoxdur. Min kəndir. Amma min kənd balaca kəndlərdir".

 

Onun sözlərinə görə, bununla bağlı tədbirlər davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv