Gürcüstanın xarici işlər naziri istefa verdi

Gürcüstanın xarici işlər naziri Maya Pancikidze istefa verib. Nazir fövqəladə brifinq keçirərək vəzifəsindən getdiyini açıqlayıb. APA-nın Gürcüstan xəbər agentliklərinə istinadən yaydığı xəbərə görə, Maya Pancikidze hakimiyyətdəki “Gürcü Arzusu” koalisiyasını tərk etdiyini də bildirib. Onunla birlikdə nazir müavinləri David Zalkaliani, Vladimir Qurgenidze, Tamara Beruçaşvili və David Calaqaniya da istefaya gediblər. Maya Pancikidze bir gün əvvəl müdafiə naziri vəzifəsindən uzaqlaşdırılan İrakli Alasaniyanın rəhbərlik etdiyi “Bizim Gürcüstan - Azad Demokratlar” Partiyasının üzvüdür. Artıq bu partiyadan olan Avropa və avroatlantik strukturlara inteqrasiya naziri Aleksi Petriaşvili də istefaya gedib. Baş nazirin müavini Kaxa Kaladze eyni partiyadan olan digər nazirlərin də istefa verəcəyini istisna etməyib. Nazir İrakli Alasaniya bu addımın siyasi xarakterli olduğunu və ölkənin avroatlantik inteqrasiya kursuna zərbə vuracağını bəyan edib. Baş nazir İrakli Qaribaşvili isə Müdafiə Nazirliyinin siyasiləşməsinə yol verməyəcəyini bildirərək naziri istefaya göndərib.   

Müəllif | Apa.Tv
Apa.tv