Rusiya Prezident Administrasiyasının rəhbərinin oğlu Dubayda müəmmalı şəkildə öldü
Rusiya prezidentinin adminstrasiyasının rəhbəri Sergey İvanovun oğlu Aleksandr İvanov Birləşmiş Ərəb Əmirliklərində müəmmalı şəkildə ölüb. Onun suda boğulduğu bildirilir. Lakin ölümün harada baş verməsi barədə heç bir məlumat verilmir. Aleksandr İvanovun 37 yaşı olub. APA TV-nin Rusiyanın Lenta.ru saytına istinadən verdiyi xəbərə görə, Sergey İvanovun kiçik oğlu olan Aleksandr "Vneşekombank"ın sədrinin müavini postunda çalışıb. O, 2000-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitunun "Dünya iqtisadiyyatı fakültəsi"ni, 2003-cü ildə isə Maliyyə Akademiyasını bitirib. Mərhum 2006-cı ildən "Vneşekonombank"da çalışıb. Buna qədər də o, müxtəlif bank sektorlarında yüksək vəzifələrdə işləyib. İvanov 2005-ci ildə piyada ölümü ilə nəticələnən yol qəzası törətməsi ilə də xatırlanır. Həmin qəzada gürcü millətindən olan Svetlana Beridze adında 68 yaşlı qadın hadisə yerində keçinmişdi. Həmin iş bir müddətdən sonra bağlanmışdı. Ekspertlər qəzaya piyadanın şərait yaratdığı qərarına gəlmişdilər.