ARDNŞ 2015-ci ildən Rusiyaya qaz tədarükünü bərpa edəcək
"Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2015-ci ildən etibarən Rusiyaya qaz tədarükünü bərpa edəcək".
APA TV-nin xəbərinə görə, bunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən forumda çıxışı zamanı deyib. Şirkət prezidenti bildirib ki, hazırda bununla bağlı işlər görülür. Dövlət Neft Şirkəti Rusiyaya qaz tədarükünü bu ilin avqust ayında dayandırıb. Tədarükün dayandırılmasına Bakı-Quba-Rusiya sərhəd yolu avtomobil yolunda və qaz nəqli infrastrukturunda aparılan tikinti və texniki işlər səbəb olub.
Bu gün Bakıda 2-ci Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi forumu başlayıb. Bu, Neft-qaz emalı və neft-kimya layihəsinə həsr olunmuş ikinci forumdur. İki gün davam edəcək forumda “İri neft-qaz emalı və neft-kimya layihələrinin LST mərhələləri”, “Qaz-kimya sənayesi üzrə texnoloji nailiyyətlər və bazar tendensiyaları”, “Neft və qaz sahəsi üzrə əsas avadanlıq, material və xidmətlər”, “İrimiqyaslı layihələrdə yerli podratçıların təcrübəsi” mövzuları ilə bağlı müzakirələr aparılacaq. ARDNŞ-in prezidenti Rövnəq Abdullayev forumun açılışında bildirib ki, rəhbərlik etdiyi şirkət dünyanın neft-qaz siyasətində mühüm rol oynayır.
Qeyd edək ki, layihənin birinci mərhələsi çərçivəsində illik istehsal gücü 12 milyard kubmetr olan Qaz Emalı Zavodunun və ildə ümumilikdə 860 min ton polimer istehsalını nəzərdə tutan qaz xammalı əsaslı Neft-Kimya Zavodunun tikintisi planlaşdırılır. Dəyəri 8 milyarddan dollardan çox olan layihə 3 emal müəssisəsindən və İstilik Elektrik Stansiyasından ibarət olacaq. Zavod 2020-ci ildə istifadəyə veriləcək.