Ukraynanın baş naziri: "Dövlətin pulları separatçıların əlinə keçə bilər"

"Separatçıların nəzarətində olan Donbasın dirçəlişi üçün bölgənin 30 milyard qrinviçə ehtiyacı var. Bu pulu hökumət ayıra bilər. Amma bu yalnız separatçılar silahı yerə qoyduqdan və hakimiyyəti tanıdıqdan sonra baş tutacaq". APA TV-nin məlumatına görə, bunu Ukraynanın baş naziri Arseni Yatsenyuk bu gün hökumətin islası zamanı deyib. "Biz rəsmi Kiyevin nəzarət etdiyi ərazilərə nə qədər vəsait lazım olduğunu hesablamışıq. Həmin bölgələrə lazım olan qədər maliyyə istiqamətləndiriləcək. Mütəxəssislərimiz separatçıların nəzarətində olan ərazilərin də nə qədər vəsaitə ehtiyacı olduğunu müəyyənləşdiriblər. Təkcə Donetsk vilayətinə 19,6, Luqansk bölgəsinə isə 14,6 milyard qrinviç dotasiya lazımdır". Bundan əlavə baş nazir həmin bölgələrdə yaşayan vətəndaşların pensiyalarının və sosial müavinətlərinin təmini məsələsinə də toxunub. "Separatçılar təslim olandan sonra biz hər bir vətəndaşın haqqını özünə qaytaracağıq. Bu gün biz bunu etsək o pullar vətəndaşlara yox, silahlılara çatacaq. Bu isə dolayısı ilə hökumət tərəfindən separatçıların dəstəklənməsi deməkdir" deyə Yatsenyuk bildirib.

 

Müəllif | Apa.Tv
Apa.tv