Ukrayna prezidenti Azərbaycana gələcək
“Ukraynanın yeni hökuməti və İqtisadi əməkdaşlıq məsələləri üzrə Ukrayna-Azərbaycan Hökumətlərarası Komissiyasının Ukrayna tərəfdən həmsədri müəyyənləşəndən sonra rəsmi Bakı ilə bir sıra müştərək layihələrin müzakirəsi gözlənilir”.
APA TV-nin xəbərinə görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko deyib. Onun sözlərinə görə, Azərbaycanla Ukrayna arasında hər zaman dostluq əlaqələri və müştərək komissiya çərçivəsində qarşılıqlı səfərlər olub: "Bu il də Ukrayna prezidentinin Azərbaycana səfəri gözlənilir. Lakin səfərin dəqiq vaxtı hələlik məlum deyil. Bununla bağlı Azərbaycan hökuməti ilə danışıqlar aparılmalıdır. Azərbaycan hökuməti ilə bir çox sahədə əməkdaşlıq etmək niyyətimiz var, Azərbaycanın da bu əməkdaşlıqda maraqlı olduğuna inanırıq”.
Bir müddət əvvəl Azərbaycanın baş nazirinin müavini, Qaçqınların və məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun qəbulunda olduğunu deyən səfir bildirib ki, görüşdə Krım və Donbasdan olan məcburi köçkünlərin yerləşdirilməsi üçün Azərbaycanın təcrübəsi ilə maraqlanıb.
Aleksandr Mişşenko Ukraynanın münaqişə baş verən ərazisində Azərbaycan vətəndaşlarının girov götürülməsi və itkin düşməsi barədə onlara hər hansı müraciət olmadığını da qeyd edib. Diplomat bildirib ki, Ukraynanın şərqində Azərbaycan vətəndaşlarının təhlükə altında olub-olmadığını araşdırmağa hazırdırlar.