İndiyədək 13193 nəfərin bələdiyyə üzvlüynə namizədliyi irəli sürülüb
"Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı 150 min qeydiyyatdan çıxma vəsiqəsi hazırlanacaq".
APA TV-nin xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, səsvermə günü qeydiyyatda olduğu seçki məntəqəsində səsvermə imkanı olmayan seçicilərə digər məntəqələrdə şərait yaradılmalıdır. Prezident seçkilərində vətəndaş ölkədə istənilən məntəqədə səs vermək hüququna malikdir. Parlament seçkilərində isə vətəndaşın müvafiq seçki dairəsinin istənilən məntəqəsində qeydiyyatdan çıxma vəsiqəsi götürməklə səs vermək hüququ var. MSK sədri bildirib ki, bələdiyyə seçkilərində də vətəndaş yaşadığı bələdiyyənin ərazisində istənilən məntəqədə səs verə bilər.
Komissiya sədri deyib ki, indiyədək bələdiyyə üzvlüyünə 9103 kişi, 4090 qadının namizədliyi irəli sürülüb. İndiyədək 5996 imza vərəqəsi götürülüb, artıq doldurulmuş 45 imza vərəqi namizədlər tərəfindən seçki komissiyalarına təqdim edilib. Ümumilikdə 2763 nəfərin namizədliyi fərdi qaydada, 156 nəfərin namizədliyini təşəbbüs qrupları, qalan şəxslərin namizədliyi isə 9 siyasi partiya (Yeni Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası və s.) tərəfindən irəli sürülüb.
Mərkəzi Seçki Komissiyasının bugünkü iclasın MSK-nın iclasında bələdiyyə seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb. Daha sonra bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişikliklər təsdiqlənib.