Devid Lidinqton: "Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır"

"Hər kəs anlayır ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır".  APA TV-nin məlumatına görə, bunu Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında deyib. O münaqişə zamanı Azərbaycanda əsl insan faciəsinin yaşandığını etiraf edib: "Dağlıq Qarabağ münaqişəsi 20 ildən çoxdur davam edir. Bakıya səfərim zamanı məcburi köçkünlərlə görüşdüm. Onlar öz torpaqlarına qayıda bilmirlər. 20 il bu şəraitdə yaşamaq qəbuledilməzdir. Bu münaqişə Avropanın bu hissəsində sabitliyi pozan əsas amildir".

 

Britaniyalı nazir ölkəsinin münaqişənin həllinə nə cür töhfə verə biləcəyindən də danışıb: "Əlimizdən gələni edərək beynəlxalq hüquq çərçivəsində münaqişənin sülh  yolu ilə həllinə çalışacağıq. Daha tez həll olunmasını istərdik, amma proses hələ ki, o mərhələdə deyil. Birləşmiş Krallıq bunu təkbaşına həll edə bilməz. Amma düşünürük ki, müəyyən koordinasiya işləri görə, təcrübəmizi bölüşə və ya tövsiyə verə bilərik".

 

Devid Lidinqton həll prosesinin canlanması üçün ATƏT-in Minsk Qrupunun fəaliyyətinə dəstək verəcəklərini də qeyd edib.  

Müəllif | Apa.Tv