Nazir: "Əminəm ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevi qaytaracağıq"

 

"Mən əminəm ki, girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevi geri qaytaracağıq".

 

APA TV-nin xəbərinə görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov mətbuat konfransında deyib. Onun sözlərinə görə, Azərbaycan prezidenti həmsədrlərlə Bakı görüşündə onların qaytarılması ilə bağlı məsələ qaldırıb: "Həmsədrlər Yerevanda olarkən bu məsələyə toxunublar. Rusiyalı həmsədr mənə söz verdi ki, məsələni izləyəcəklər, bu, yəqin vaxt aparacaq. Amma biz bu məsələni izləyirik. Bu məsələni boş buraxmayacağıq".

 

Dağlıq Qarabağ münaqişəsinə gəlincə, nazir bildirib ki, Azərbaycan tərəfi Böyük Sülh Sazişi üzərində işləməyə hazırdır: "Prinsiplər siyasi sənəddir, saziş hüquqi sənəddir, ratifikasiyadan keçməlidir. Ona görə gərək biz saziş üzərində işimizi başlayaq. Hamı üçün bəllidir ki, Ermənistan öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdır".

 

Nazir Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulduğunu deyərək Ermənistanın insan hüquqlarından danışmağa haqqının olmadığını əlavə edib. 

 

Müəllif | Apa.Tv