Devid Lidinqton ADA Universitetində müəllim və tələbə heyəti ilə görüşüb

Böyuk Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton ADA Universitetində müəllim və tələbə heyəti qarşısında çıxış edib. APA TV-nin məlumatına görə, o, ikinci dəfə Azərbaycanda olduğunu və hər səfərində Bakının öz sürətli inkişafı ilə onu təəccübləndirdiyini deyib.

 

Dağlıq Qarabağ probleminə toxunan qonaq ölkəsinin bu münaqişənin sülh yolu ilə həll olunmasını dəstəklədiyini qeyd edərək, 2010-cu ildə Azərbaycana səfərindən bu günə qədər bu məsələdə irəliləyiş olmamasından məyusluğunu bildirib. Devid Lidinqton konfliktin 20 il ərzində həll olunmamasının bir sıra itkilərə səbəb olduğunu, tərəflərin bir-birinə nifrətinin artdığını vurğulayıb. “Davam edən konflikt nəticəsində iki tərəfdə insanlar - gənc əsgərlər ölürlər. İnsanlar öz evlərini tərk edir. Yüz minlərlə azərbaycanlı çətin şəraitdə qaçqın düşərgələrində yaşayır. Sülh razılaşması bu insanların öz evlərinə dönməsinə imkan yaradacaq. Sülh Cənubi Qafqazın inkişafına və bütöv şəkildə Asiya və Avropa arasında körpü rolunu oynamasına imkan verəcək”,- deyə britaniyalı nazir qeyd edib.

 

Devid Lidinqton Madrid prinsiplərinə diqqət çəkərək Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycanın nəzarətinə qaytarılmalı olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsi vacibdir. Bunsuz həll yolu ola bilməz".

 

Sonda britaniyalı nazir tələbə və müəllimlərin suallarını cavablandırıb.

Müəllif | Apa.Tv
Apa.tv