Samir Şərifov: "Dövlət büdcəsinin gəlirləri və xərcləri sığortalanıb"

"İki ildir, dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsaitin həcmi dəyişmir. Vəsaitin həcmi çoxaldılsa belə, bu, bələdiyyələrin inkişafına təkan verməyəcək”.

 

APA TV-nin xəbərinə görə, bunu büdcə zərfinin müzakirələri zamanı Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib: "Büdcədə göstərilən rəqəm bələdiyyələrin fəaliyyətinin düzgün qiymətləndirilməməsidir. “Dövlət büdcəsi haqqında” qanun layihəsi həddindən artıq mərkəzləşib. Büdcə layihəsində qeyd olunub ki, 4 şəhər və 2 rayon özünü maliyyələşdirəcək. Lakin növbəti 3 il haqqında bu barədə bir şey deyilməyib”.

 

Millət vəkili, Bakı Dövlət Universitetinin rektoru Abel Məhhərəmov isə deyib ki, dünyada universitetlərin reytinqi müəyyənləşdirilərkən orada yataqxanaların olması da mütləq nəzərə alınır. BDU-da 21 min tələbə təhsil alır, 4 minə yaxın isə müəllim heyəti çalışır. Ancaq bu gün universitetin bir nəfərlik də olsun yataqxanası yoxdur.

 

Millət vəkili Qüdrət Həsənquliyev 2015-ci ilin büdcə zərfinin müzakirəsi zamanı əlil və şəhid ailələrinin mənzil problemlərinə diqqət çəkib. Səsləndirilən bu fikirlərə cavab verən maliyyə naziri Samir Şərifov qeyd edib ki, layihə hazırlanarkən ölkənin makroiqtisadi vəziyyəti, dünyada cərəyan edən proseslər, Azərbaycanın daxil olduğu geosiyasi proseslərin qiymətləndirilməsi və eyni zamanda makroiqtisadi proqnozlar nəzərə alınıb.

Nazir deyib ki, büdcə gəlirlərinin formalaşmasında neftin qiymətinin təsiri olduqca azdır. O əlavə edib ki, dövlət büdcəsinin gəlirləri və xərcləri sığortalanıb.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı