Bakıda məktəbdə yanğın olub, müəllim və şagirdlər təxliyə edilib
Bakıda orta məktəbdə yanğın baş verib. APA TV-nin məlumatına görə, hadisə Səbail rayonu, Bayıl qəsəbəsi, Ömər Faiq Nemanzadə küçəsində yerləşən 51 nömrəli orta məktəbdə qeydə alınıb. Məktəbdə elektrik nasazlığından baş verən yanğın nəticəsində 12 kvadrat metr sahə yanıb. Şagirdlər yanğının dərs vaxtı baş verdiyini bildiriblər.
"Dərs vaxtı idi. Direktor və müavini gəldi ki, yanğındır, tez çıxın bayıra. Çox tüstü idi. Əvvəl birinci siniflər çıxdı, sonra biz".
"Səhər saatlarında yanğın nəticəsində 51 nömrəli məktəbin xidməti elektrik otağı tamamilə yararsız hala düşüb. Yanğın zamanı məktəbin birinci mərtəbəsi tüstüyə bürünüb. Ona görə də şagirdlər dərhal evakuasiya edilib".
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) 8 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın qısa zamanda söndürülüb. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev hadisənin baş vermə səbəbindən danışıb: "Xidməti otaq birinci mərtəbədə olduğu üçün tüstü bütün dəhlizə yayılıb. Dərhal hadisə yerinə yaxın hissələrdən yanğın söndürənlər cəlb olunub, 3 dəqiqə sonra artıq hadisə yerində idilər. Yanğın 3 mərtəbəli məktəb binasının birinci mərtəbəsində baş verib. Yanğınsöndürənlər hadisə yerinə çatana qədər məktəb personalı, şagirdlər təxliyə edilib. 50 dən çox şagirdi isə biz təxliyə etmişik".
1200-ə yaxın şagirdin təhsil aldığı məktəbdə dərslər dayandırılıb. Məktəbin direktoru da hadisə barədə məlumat verib: "3-cü dərs idi. Mən məktəbin arxasında idim, gördüm pəncərənin birindən tüstü gəlir. Tez qayıdıb təsərrüfat işçisini çağırdım, qapını açan kimi hər yeri qara tüstü bürüdü. Müəllimlərlə birlikdə tez sinifləri gəzdik, uşaqları buraxdıq. Allaha şükür uşaqlardan, müəllimlərdən xəsarət alan yoxdur".
Bakı şəhər Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbdə tədris sabahdan bərpa ediləcək. Hadisənin qısaqapanma səbəbindən baş verdiyi ehtimal olunur.