Dəniz quldurları türk gəmisinə hücum edib, 2 nəfər girov götürülüb

Kamerundan Fildişi sahillərinə hərəkət edən türk neft gəmisi "Basat" Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalıb. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ekipaj üzvlərindən 14-ü sığınacaqda gizlənib. Göyərtədə olan daha 2 nəfər isə dəniz quldurları tərəfindən qaçırılıb. İriçaplı silahlardan gəmiyə atəş açan quldurlar ələ keçirilməsi mümkün olan əşyalarla birlikdə qaçırdıqları Emrah Samancıoğlu və Murad Yılmazın buraxılması pul istəyiblər. Gəminin aid olduğu "Tersan" Dənizçilik Şirkəti istənilən məbləği açıqlamır. Lakin ölkə Xarici İşlər Nazirliyi ilə birlikdə hadisə ilə maraqlandıqlarını deyirlər. Pul ödəndikdən sonra girovların təyyarə ilə Türkiyəyə göndəriləcəyi bildirilir.

 

132 metrlik "Basat" gəmisi Malta bayrağı altında kimyəvi məhsul daşıyır. 

Müəllif | Apa.Tv
Apa.tv