Həbsxanada azərbaycanlı məhbusu döyən "qanuni oğru" tutuldu
Novosibirskdə 1 nömrəli istintaq təcridxanasında azərbaycanlı Kənan Cəlilovu döyən şəxslər saxlanılıb. APA TV-nin məlumatına görə, qrup şəklində qəsdən xəsarət yetirmə maddəsi ilə hər iki şəxs haqqında həbs-qətimkan tədbiri seçilib. Saxlanılanlardan biri Novosibirskin yeganə "qanuni oğru"su "Antip" ləqəbli Yevgeniy Antiplovdur. Onun adqoyma mərasimi polis basqını səbəbindən bir neçə dəfə təxirə salınıb. Ona görə də ilk dəfə Rusiya tarixində "Antip" üçün skayp vasitəsi ilə adqoyma mərasimi keçiriblər.
İstintaq komitəsinin məlumatına görə, sentyabrın əvvəlində 1 nömrəli istintaq təcridxanasındakı 45 nömrəli kameraya 9 nəfər məhbus daxil olub. Onlar 2 ilə yaxın bir müddətdə kamerada saxlanılan azərbaycanlı 32 yaşlı Kənan Cəlilovu döyüblər. Kamera yoldaşlarının gözü qarşısında döyülən şəxs xəstəxanaya yerləşdirilib və hazırda komadadır.
Hadisə ilə bağlı İstintaq təcridxanasının rəis müavininə vəzifə səlahiyyətlərini aşma maddəsi ilə ittiham irəli sürülüb və təcridxananın rəisi Ruslan Rokabidze ilə bağlı da araşdırma aparılır.