Azərbaycanda məşhur şirkətə 2 milyon manatlıq cərimə
Azərbaycanda fəaliyyət göstərən daha bir məşhur şirkətin fəaliyyətində nöqsanlar aşkarlanıb. İqtisadiyyat və Sənaye Nazirliyindən APA-ya verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı “Oral-B Pro-flex” diş fırçasının, “Duracell” batareyasının, “Ariel” yuyucu tozunun və “Blend-a-med Pro-expert” diş məcununun reklamlarında istehlakçıların çaşdırılmasına səbəb olan haqsız və qeyri-dəqiq reklam əlamətləri aşkarlanıb.
Bununla əlaqədar həmin reklamların sifarişçisi olan “Procter & Gamble Azerbaijan Services” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə “Procter & Gamble Azerbaijan Services” şirkəti 2 mln. 163 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.