Dövlət Xidməti: Qayda pozuntusu ən çox emal, sənaye və tikinti sahəsində baş verir

"Son illər həyata keçirilən dövlət nəzarətinin nəticələrinin təhlili göstərir ki, hələ də bir sıra təşkilatlarda əməyin mühafizəsi üzrə standartlar, norma və qaydalar qəbul edilmiş normativ-hüquqi aktların tələblərinə cavab vermir".

APA TV-nin xəbərinə görə, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, yaranmış problemlərin aradan qaldırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və nazirliyin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində "Əməyin mühafizəsi və texniki təhlükəsizlik" mövzusunda tədris kursları keçiriləcək: "Son 15 ildə Azərbaycanda istehsalatda baş vermiş bədbəxt hadisələr hər 100 min nəfərə düşən işçi sayında peşə-əmək qabiliyyətinin itirilməsi, xəsarət almaları, ölümlə nəticələnməsinin nisbi statistikası stabil olaraq qalıb.  Belə ki, 1997-2000-ci illərdə hər 100 min nəfərə həlak olanların sayı 4-5 nəfər, 2000-2009-cu illərdə 6 nəfər, 2009-2013-cü illərdə 6-7 nəfər təşkil edib. Bundan başqa, 1997-2000-ci illərdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət alanların sayı 1997-2000-ci illərdə 16 nəfər, 2000-2007-ci illərdə 15-16 nəfər, 2009-2013-cü illərdə isə 4-5 nəfər olub".

 

Ölkədə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının pozuntusu ən çox emal, sənaye və tikinti sahəsində baş verir: "Ümumiyyətlə, hüquq pozuntularının 20 faizi əsasən, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməməsi nəticəsində baş verib. Bu ilin 9 ayında 14 min 600 hüquq-pozuntusu qeydə alınıb. Bu 20 faizin 80 faizi qeyri-dövlət müəssisələrinin payına düşür".

 

Dövlət və işəgötürənlər tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsinə sərf olunan vəsaitlərin daim artdığını qeyd edən DƏMX-in rəhbəri deyib ki, 2000-ci ildə 5 mln, 2005-ci ildə 24 mln. və 2012-ci ildə 50 mln. manat vəsait xərclənib.

 

Qeyd edək ki, 3 ildən az olmayaraq ildə 1 dəfə ixtisasartırma kurslarına işçiləri cəlb etməyən işəgötürənlər cərimə olunacaqlar.

 

Müəllif | Apa.Tv