Bu dəfə film deyil: "Əl Qaidə" Hindistanda!

Hindistanın xüsusi xidmət orqanları terrorçu "Əl Qaidə" qruplaşmasının ölkə ərazisində "Hind mücahidləri" adı altında dəstələr formalaşdırdığını və bu dəstələrin tez bir zamanda bölgə ölkələri üçün təhlükə yaradacağını iddia edir. APA TV-nin "The İndia Times" qəzetinə istinadən verdiyi məlumata görə, xüsusi xidmət əməkdaşları bəyan edib ki, terrorçuların əsas məqsədi Hindistanda yeni "Suriya" və ya "İraq" yaratmaqdır. Bildirilir ki, onlar ölkənin varlı və məşhur adamlarını da oğurlamaq niyyətindədirlər. Mənbə iddia edir ki, ölkənin bir neçə yerində terrorçuların yaratdığı dəstələrin artıq biri-biri ilə əlaqələri də var. Onlar aktiv hərəkətə keçmək üçün siqnal gözləyirlər. Bir neçə həftə bundan əvvəl "Əl Qaidə" rəhbərliyinin Cənubi-Asiya təşkilatının yaranması barədə açıqlaması bəyanatın ciddiliyi barədə düşünməyə əsas verir. Hindistan xüsusi xidmət orqanları bildirilər ki, "Hind mücahidləri" adlandırılan silahlılar "Əl Qaidə" silahlıları ilə bir yerdə təlim keçiblər. Onlardan bəzilərinin hətta Əfqanıstan və Pakistana aparıldığı və artıq həmin ərazilərdə terror aktlarında iştirak etdikləri də qeyd olunur. Hindistan hökuməti onların geri qayıdacağını istisna etmir və bunu ölkə üçün ciddi təhlükə sayır.

 

Müəllif | Apa.Tv
Apa.tv