Məktəblilərdə göz zəifliyinin səbəbi: televizor, kompüter, yoxsa çox dərs oxumaq?
"Kiçik yaşlarından televizor, mobil telefon, planşet və kompyuterin təsirinə məruz qalan uşaqlarda vaxtından əvvəl görmə qabiliyyətinin pisləşməsi kimi problemlərin yaranmasını müşahidə edirik". Oftolmoloq Fariz Sadıqov APA TV-yə müsahibəsində deyib ki, müasir dövrün tələbləri, hər gün yenilənən texnika görmə qabiliyyətinə təsir edir. Məktəb dövrü isə uzağı və yaxını görmə pozğunluqları və astiqmatizm kimi deffektlərin yaranması üçün təhlükəli zaman sayılır. Çünki bu periodda, gözlər çox yüklənir: "Əvvəlki illərlə müqayisədə göz xəstəliklərinin yaşı cavanlaşır. İndi müraciət edənlərin əksəriyyəti demək olar ki, uşaqlardır. Uşaqlar arasında eynəyə ehtiyacı olanların da sayı artıb. Bu problemin aradan qalxması üçün mümkün qədər monitorlardan uzaq olmaq lazımdır. Onsuz da məktəblilərin dərs yükü əvvəlki kimi deyil. Saatlarla dərs hazırlamaq uşaqlar arasında göz quruma xəstəliyi yaranmasına səbəb olur ki, bunun da nəticəsində ciddi fəsadlar yaşanır. Əgər məktəblidirsə uşağın gözü təxminən 8-10 saat işləyir".
Görmə qabiliyyətinin zəifləməsinin əsas səbəbi televizora saatlarla baxmaqdır, deyən Fariz Sadıqov qeyd edib ki, televizora baxdıqda gözlər gərgin vəziyyətdə olur. Xüsusən işıqız otaqda, uzanan vəziyyətdə televizora baxmaq qadağandır. 3 metrdən yaxın olmayaraq, ekrana qıraqdan deyil, düz istiqamətdə baxmaq məsləhətdir. Bundan əlavə dövrün ən əsas problemi - kompyuter. Uşaqlar kompyuter arxasında 15 dəqiqə oturduqdan sonra, mütləq şəkildə fasilə etməlidirlər: "Uşağınız məktəbdən gələndən həmən sonra, onu dərs etməyə məcbur etməyin. 1-2 saat ərzində istirahət etməsini təmin edin. Dərs etdiyi hər yarım saatdan bir, 10 dəqiqə istirahət etməsi məsləhət görülür. Əgər uşaq mən zəif görürəm deyirsə, bu sözləri qulaqardına vurmaq lazım deyil. Çünki göz zəifliyi beyinə də təsir edir, uşaq 1-2 saat məşğul olduqdan sonra dərs oxumaq istəmədiyini bildirir. Bunu isə valideynlər "tənbəllik" adlandırır. Əslində isə bu ciddi xəbərdarlıqdır".
Fariz Sadıqov tövsiyyə edir ki, uşaq dərs etdikdə masa arxasında necə oturması çox vacibdir. Belə ki, düzgün oturmadıqda, o, həm bel sümüyünün əyilmə təhlükəsinə, həm də görmə deffektinin artmasına səbəb olur: "Dərs etdiyi məkana gəldikdə, məkan bərabər ölçüdə işıqlı olmalıdır. Təbii işığın olması vacibdir. Lakin, qış axşamlarında elektrik işıqla bərabər stolüstü elektrik çırağından istifadə etmək olar. Lakin işıq çox gur olmamalıdır ki, otağın ümumi işığı ilə kontrast yaratmasın". Fariz Sadıqovun sözlərinə görə, məktəb periodunda görmə qabiliyyətinin qorunması üçün ən vacibi qida rasionuna xüsusi diqqət yetirmək , "A" vitamini bol olan məhsullara üstünlük verməkdir. Uşağınızın görmə qabilliyyətində hər hansı dəyişiklik gördükdə, mütləq göz həkiminə müraciət edilməlidir.